CV hazırlamaq

İçindəkilər

CV necə hazırlanır?

“Neçə yerə müraciət etmişəm, amma heç bir yerdən müsbət geridönüş ala bilmirəm!” cümləsini müasir dövrdə bir çox insandan eşidirik. Bəs nəyə görə bu insanlar müsbət geridönüşlər almırlar?

Bu sualın cavabı çox sadədir, hər şeyin səbəbi yanlış CV-nin tərtib olunmasıdır. Artıq burda “hə, yaxşı bəs biz bu doğru CV-ni necə düzəldə bilərik?” sualını verdiyinizi eşidirəm. Buna görə də, bu blogda sizə uğurlu CV-nin düzəldilmə metodlarından danışacayıq.

 

CV nədir?

CV (Curriculum Vitae) latın dilindən tərcümə edildikdə tərcümeyi-hal deməkdir. Daha ətraflı desək, bir işə düzəlməyə çalışarkən işəgötürənə göndərdiyiniz təhsil, ixtisas, əvvəlki iş yerləriniz və bəzən şəxsi maraqlarınız barədə məlumat ehtiva edən sənəddir.İşverənlərin namizədləri dəyərləndirmək üçün istifadə etdiyi vasitədir.

Professional CV yazmaq üçün hazırlıq mərhələləri

Uğurlu CV, məqsədli, düzgün planlaşdırılmış və vakansiya ilə uyğunlaşdırılmış sənəddir. Mərhələləri izləməklə işə qəbul şansınızı artıra bilərsiniz:

1.İş elanını diqqətlə analiz edin

CV yazmazdan və ya düzəliş etməzdən əvvəl müraciət edəcəyiniz vakansiyanın təsvirini (job description) oxuyun:

-İşəgötürənin istədiyi bacarıqları, vəzifələri və məsuliyyətləri müəyyən edin.
-Təsvirin içində yer alan açar sözləri qeyd edin.
-Bu açar sözləri CV-nizin uyğun bölmələrində yer verin ki, ATS sistemləri və HR mütəxəssisləri sizi daha tez tapsın. Jobscan.co və ya TopCV kimi saytlardan istifadə edərək CV-nizin ATS sisteminə uyğun olub-olmadığını görə bilərsiniz.

2.Hədəf təyin edin və CV-nizi fərdiləşdirin

Hər vakansiyaya eyni CV-ni göndərmək effektiv deyil. Bunun əvəzinə:

-Hər bir CV-ni göndərəcəyiniz vakansiyaya uyğun fərdiləşdirin.
-Haqqınızda bölməsində konkret o şirkət və vəzifəyə yönəlik niyyətinizi bildirin.

3.Portfolionuzu və nəticələrinizi toplayın

CV-nin konkret nəticələrə əsaslanması onu daha güclü göstərəcəkdir.CV-də etdiklərinizdən əlavə nəticələri də göstərin:

-Mümkünsə rəqəmlərlə ifadə edin: artırdığınız satışlar, azaldılan büdcə, artırılan trafik və s.
-Əvvəlcədən uğurlu layihələrinizi, kampaniyalarınızı bir araya toplayın.
-Əgər portfolionuz varsa, linkini CV-də yerləşdiri.

Uğurlu CV-yə sahib olmanın 5 metodu!

1. Uğurlu CV nümunələri

Edəcəyimiz ilkin işlərdən biri uğurlu CV nümunələrini nəzərdən keçirməkdir. Beləliklə müasir dövrün tələb etdiyi CV quruluşunu vizual formatda daha aydın görə bilərik. Bu aşağıdakı nümunə faylları yükləyərək arzuladığınız şəkildə dəyişiklik edə bilərsiniz.

Yerli CV formaları:

Xarici CV formaları:

-https://www.myperfectresume.com/resume/examples

-https://zety.com/cv-examples

2. Sizə uyğun “template”-i müəyyənləşdirmək

CV nümunələrinə baxdıqdan sonra, növbəti mərhələ sizin üçün uyğun olan şablonu seçməkdir. Əgər ilk dəfə CV hazırlayırsınızsa və ya dizaynla bağlı çətinlik yaşayırsınızsa, sadə və istifadəsi rahat bir şablon sizə böyük kömək olacaq.

İnternetdə müxtəlif CV şablonları təqdim edən resurslar mövcuddur. Aşağıdakı saytlar həm pulsuz, həm də istifadəsi rahat interfeysə malikdir:

-Canva CV Templates
-CV-template.com
-Novoresume

Bu şablonlar vasitəsilə öz məlumatlarınızı asanlıqla yerləşdirə və fərdi CV-nizi tez bir zamanda formalaşdıra bilərsiniz.

3. Başlıqları, şriftləri və rəngləri düzgün müəyyənləşdirmək

CV-nin vizual görünüşü, HR menecerlərin diqqətini cəlb edən əsas məqamlardan biridir. Düzgün formatlaşdırma və nizamlı quruluş CV-nizin peşəkar görünməsinə səbəb olur.

Aşağıdakı tövsiyələrə diqqət edin:

-Şrift növləri: Arial, Times New Roman və Calibri kimi oxunaqlı və sadə şriftlər seçilməlidir.

-Şrift ölçüləri: Əsas mətn üçün 10–12 pt, başlıqlar üçün isə 14–18 pt aralığı idealdır

-Rənglər: Zərif və neytral rənglərdən istifadə edin. Parlaq və diqqət yayındıran rənglərdən qaçının.

Unutmayın ki, şriftlərin uyğunluğu və rəng harmoniyası müsbət ilk təəssürat yaradır.

4. Quruluşa və ardıcıllığa diqqət yetirin

CV-də məlumatların hansı ardıcıllıqla verilməsi çox önəmlidir. Çox zaman namizədlər “Əvvəlcə təhsil qeyd olunmalıdır, yoxsa iş təcrübəsi?” kimi suallarla qarşılaşır.

Ümumi ardıcıllıq qaydası:

1.Şəxsi məlumatlar.

CV-nin yuxarı hissəsi ilk baxışda diqqət çəkən və namizəd haqqında ilkin məlumatın verildiyi bölmədir. Bu hissədə namizədin şəkli, ad və soyadı, həmçinin vəzifə mütləq şəkildə qeyd olunmalıdır. Eyni zamanda əlaqə vasitələri — telefon nömrəsi və e-poçt ünvanı da burada yerləşdirilməlidir.Namizədlər LinkedIn və ya digər peşəkar sosial şəbəkə profillərinə keçid linklərini də bu hissəyə əlavə edə bilərlər.

 

2.Şəxsi profil.

CV-nin digər, əsas, vacib hissələrindən biri də şəxsi profil hissəsidir. Əsasən bu hissə birinci bölmənin tam altında yerləşir və HR-lara sizin haqqınızda ümumi məlumat vermək üçün CV-də qeyd olunur. Bir növ bütün CV-nin qısa “summary”-si. Qısa summary olduğu üçün bu yer çox böyük əhəmiyyət kəsb edir, çünkü burda ki qeyd edəcəyiniz məlumata görə HR CV-nizi axıra qədər oxuyub, oumamağa qərar verir.

3.İş təcrübəsi.

Bu hissədə müraciət etdiyiniz vakansiya ilə əlaqəli keçmiş iş təcrübələrinizi qeyd edə bilərsiniz. Quruluş isə: Şirkət – vəzifə - fəaliyyət illəri – iş məsuliyyətinizin nədən ibarət olduğu. Xüsusən də keçmiş təcrübələrinizdə hansı işlər ilə məşğul olduğunuzu əks xronolojik ardıcıllıqla,yəni ən son fəaliyyət göstərdiyiniz şirkət ən üstdə aşağıya doğru əvvəlki iş təcrübənizi qeyd etmək çox vacibdir. Bu məqam köməkliyi ilə HR-ın ağlında sizin sahib olduğunuz bacarıqlar haqda daha dolğun fikir formalaşır.

 

4.Təhsil haqda məlumat.

Bu hissədə orta, ali, magistratura, doktorantura dərəcələriniz haqda məlumat verməlisiniz(təhsil aldığınız illər, ixtisasınız, GPA, nəaliyyətləriniz).

5.Professional səriştə və bacarıqlar

Bu bölmədə əsasən müraciət etdiyiniz vakansiyaya uyğun olan səriştələrinizi qeyd etməyiniz tövsiyə olunur. Daha uğurlu nəticə əldə etmək üçün isə həmin vəzifə barədə əvvəlcədən araşdırma aparmaq olduqca faydalıdır. Məsələn, internetdə eyni vakansiyanın müxtəlif şirkətlər tərəfindən verilmiş elanlarına nəzər yetirməklə, vəzifə üzrə ən çox tələb olunan bacarıqları müəyyən edə və onları özünüzdə inkişaf etdirərək CV-nizdə düzgün şəkildə əks etdirə bilərsiniz.Bu hissəni daha səliqəli və sistemli göstərmək üçün bacarıqları iki əsas qrupa bölmək məqsədəuyğundur: texniki bacarıqlar (hard skills) və yumşaq bacarıqlar (soft skills).Texniki bacarıqlara konkret alətlər və proqramlarla işləmə bacarığı, yumşaq bacarıqlara isə ünsiyyət, komanda işi və problem həll etmə kimi şəxsi keyfiyyətlər daxildir. Bu bölgü, HR mütəxəssislərinin məlumatları daha sürətli və məqsədyönlü şəkildə qiymətləndirməsinə kömək edir.

6.Sertifikatlar və nailiyyətlər

Bu hissədə sadəcə müraciət etdiyiniz vakansiya ilə əlaqəli olan sertifikatları yerləşdirin. Hətta sahəniz ilə bağlı olan ödənişli kurslardan sertifikatlarınız çoxluq təşkil edirsə, bu zaman onlar için ayrı bir portfolio yaradıb, CV ilə bərabər HR-a yönləndirəbilərsiniz. Bunu etdiyiniz təqdirdə, qarşı tərəfə öz inkişafınıza nə qədər investisiya etdiyinizi nümayiş etdirirsiniz.

7.Dil bilikləri.

Biliklərimizi ən yaxşıdan daha az bildiyinizə doğru sıralamağınız daha məsləhətlidir. Səviyyə olaraq isə, aşağıda qeyd etdiyim səviyyələr üzrə biliklərinizi sıralamağınız vacibdir:

-A1 – beginner – başlanğıc

-A2 – elementary – ibtidai

-B1 – intermediate – orta

-B2 – upper-intermediate – orta səviyyədən yuxarı

-C1 – advanced – qabaqcıl, yuxarı səviyyə

-C2 – proficient – sərbəst

-Native – ana dili

5. ATS Uyğun CV Hazırlamaq

Müasir dövrdə bir çox şirkət ilkin seçim mərhələsində ATS (Applicant Tracking System) adlı proqram təminatından istifadə edir. Bu sistemin əsas məqsədi çoxsaylı CV-lər arasından yalnız vakansiyada qeyd olunan açar sözlərlə uyğun gələn sənədləri seçməkdir. Bu səbəbdən CV-nizin strukturlaşdırılmış və sadə dizayna malik olması, PDF və ya DOCX formatında təqdim edilməsi, həmçinin vakansiyada yer alan konkret açar sözlərin CV-də təbii şəkildə yer alması olduqca vacibdir. Məsələn, “digital marketing”, “data analysis” və ya “project management” kimi açar sözləri düzgün kontekstdə istifadə etmək, sistemin CV-nizi tanımasına və daha yüksək dəyərləndirməsinə imkan yaradır.

Telefonda CV hazırlamaq

Kompüterə ehtiyac olmadan telefonda CV hazırlamaq mümkündür. Bu məqsədlə siz Canva, NovoresumeCVmaker kimi platformaların mobil tətbiqlərindən və ya mobil üçün optimallaşdırılmış veb versiyalarından rahat şəkildə istifadə edə bilərsiniz.Bu tətbiqlər sizə həm sadə interfeys, həm də şablon üzərində tez işləmə imkanı təqdim edir.Xüsusilə təcili müraciət zamanı bu üsul effektiv çıxış yoludur.

CV-də tez-tez edilən səhvlər!

Düzgün şəkil seçiminin edilməməsi

CV-yə əlavə edilən şəkilin öz-özünə çəkilmiş və arxa fonu qarışıq olması qarşı tərəfdə qeyri-ciddi və məsuliyyətsiz təəssürat yarada bilər.CV üçün nəzərdə tutulan şəkil sadə, neytral və düz fon üzərində çəkilməlidir. Bu fon həm vizual baxımdan diqqəti yayındırmamalı, həm də təqdimatı dəstəkləməlidir. Şəklin kompozisiyası da xüsusi əhəmiyyət daşıyır — əsasən çiynin üstündən yuxarı hissə görünməli, üz tam şəkildə aydın seçilməlidir. 

CV-ni fərdiləşdirməmək

CV hazırlayarkən onu iş elanı ilə uyğunlaşdırmaq olduqca vacibdir. İşə qəbul prosesində istifadə edilən avtomatik analiz sistemləri müəyyən açar sözlərə əsaslanır. Bu filtrlərdən keçə bilmək üçün CV-nizi vakansiyada qeyd olunan tələblərə uyğun şəkildə tərtib etməli və göndərməlisiniz.

Qeyri-peşəkar maildən istifadə olunması

CV-də istifadə etdiyiniz e-mail ünvanı sizin peşəkar imicinizin bir hissəsidir ona görəq diqqət yetirmək lazımdır. Qeyri-ciddi və uyğun olmayan e-mail ünvanlarından istifadə HR mütəxəssisləri tərəfindən ciddi qarşılanmır və namizədin peşəkarlığına dair mənfi təəssürat yaradır. Bu səbəbdən e-mail ünvanınızda yalnız ad və soyadınızın kombinasiya olunmuş forması istifadə edilməli, əlavə simvol və ləqəblərdən uzaq durulmalıdır

Orfoqrafik və qrammatik səhvlər

CV hazırlayarkən diqqət yetirilməli əsas məqamlardan biri də dil qaydalarına riayət etməkdir. Səhvlərlə dolu bir CV diqqətsiz və qeyri-peşəkar təsir bağışlaya bilər. CV-nizi təqdim etməzdən əvvəl onu bir neçə dəfə gözdən keçirin, dil və qrammatika yoxlama vasitələrindən istifadə edin və ya mütəxəssisdən dəstək alın. 

Güclü tərəflərinizi ön plana çıxarmamaq

Sizi digər namizədlərdən fərqləndirəcək bacarıqları və nailiyyətləri vurğulamaq önəmlidir.Bunun üçün bacarıqlarınızı CV- də qeyd edərkən rahat və anlaşıqlı olmasını təmin etmək lazımdır.Digər məlumatlar arasından seçilməli və çox mürəkkəb formada yazılmamalıdır. 

Uzunluğunun və formatının düzgün olmaması 

CV-nin uzunluğu da mühüm amillərdən biridir. Çox uzun CV oxucunu yoracaq, çox qısa CV isə kifayət qədər informasiya verməyə bilər. Ümumiyyətlə, bir və ya iki səhifəlik CV ideal hesab olunur. Məlumatlarınızı elə strukturlayın ki, peşəkar hədəfləriniz və mövcud vakansiya ilə uyğunluğunuz aydın şəkildə görünsün. Təcrübə və bacarıqlarınızı ön plana çıxarmaq üçün xronoloji, funksional və ya hibrid formatlardan sizə ən uyğun olanını seçə bilərsiniz.

Uyğun olmayan məlumatların daxil edilməsi

CV-də lazımsız və işlə əlaqəsi olmayan məlumatların olması işəgötürən üçün mənfi təəssürat yarada bilər. Mövqeyə aidiyyəti olmayan hobbilər, şəxsi məlumatlar və ya maaş gözləntiləri kimi detalları qeyd etmək əvəzinə, bacarıqlarınızı və nailiyyətlərinizi vurğulayaraq işəgötürənin tələblərinə necə cavab verdiyinizi göstərməyə çalışın.

CV-nin göndərilmə qaydaları və əlavə məsləhətlər!

  • Məlumatları əks xronoloji ardıcıllıq ilə doldurmaq lazımdır.

  • CV-lərinizi 08:00-20:00 arası göndərin. Bu saatda göndərilən CV-lər daha tez oxunur.

  • CV-nizi aydın və kompakt tutun. 2 səhifədən artıq CV tərtib etməyin.

  • CV-nizin adını tənzimləyib (Maryam Cafarova_CV)  pdf formatda göndərin. Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

CV-nizi professional hazırladıqdan sonra iş elanlarına əminliklə CV göndərə bilərsiniz.

Müəllif: Vəciyyə Əliyeva

Linkedin hesabına keçid - Linkedin

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün Telegram Kanalımıza qoşulun:

 

   Ən Çox Verilən Suallar

  • + CV nədir?
  • + CV nə qədər olmalıdır?
  • + CV-mə şəkil əlavə etməliyəmmi?
  • + Mən öz CV-mi konkret işə necə uyğunlaşdıra bilərəm?
  • + CV-mi nə qədər tez-tez yeniləməliyəm?
  • + CV-də nələrdən çəkinməliyəm?
  • + CV-də haradan kömək ala bilərəm?