Guerilla Marketing məhsul və xidmətlərin nəinki öyrəşmədiyimiz, hətta bəzən “yatsaq yuxumuza girməz” dediyimiz dərəcədə qeyri-adi şəkildə tanıtımı, reklamı deməkdir. Bu marketinq növü, büdcəsi az, lakin ideyaları tüğyan edən marketoloqlar üçün daha çox əlverişlidir.
Guerilla Marketingin bir çox növü vardır. Bunlardan bəziləri aşağıdakılardır:
İnternetdə “Guerilla Marketing nədir və ona ən məşhur misallar hansılardır” deyə axtarış versəniz, heç şübhəsiz, “Coca-Cola”, “Mc Donalds”, “Kit-Kat”, “Nike” və s. bu kimi nəhəng firmaların Guerilla Marketinginə rast gələcəksiniz.
Məsələn, “Mc Donalds” şirkəti keçirdiyi kampaniyalardan birində mərkəzi küçələrin dayanacaqlarının oturacaqlarında nəhəng bağlamalar (müştəriyə yeməkləri təqdim edərkən yerləşdirdikləri paket şəklində) yerləşdirmişdi. Guerilla Marketing kampaniyasının şərtlərinə görə, nəhəng bağlama ilə çəkdirdiyi şəkli təqdim edən hər müştəriyə 15 % endirim vəd olunurdu.
Digər bir misal olaraq “Jeep” şirkətinin Guerilla Marketing kampaniyasını göstərə bilərik.
Düşünün sadə küçə boyasından istifadə etməklə, öz avtomobillərinin peşəkar idarəetmə və qeyri-adi manevr qabiliyyətinin reklamını həyata keçirdi. Şəhər pilləkənlərində, qeyri-bərabər küçə səthləri boyunca çəkilən bu formalar əlbəttə istehlakçıların şüurunda Jeep-ə müsbət baxışın formalaşmasına kömək etdi.
Guerilla Marketingin tək xatırlatma, görüntü olaraq deyil də, həm də bir neçə baxımdan faydalı olan növləri də vardır ki, buna misal olaraq IBM şirkətinin kampaniyasını göstərə bilərik. Bu kampaniyaya görə, şirkət küçələrdə, insanların çətin hava şəraiti ilə üzləşdiyi vaxt və ya sadəcə dincələ biləcəkləri, fiziki məhdudiyyətləri olan şəxsləri də sevindirəcək vasitələr yerləşdirirlər. Əlbəttə ki, insanlar onları faydalı olanı uzun müddət xatırlayırlar və həmin şirkətə, markaya güvənlə yanaşırlar:
Guerilla Marketingin qeyd etdiyimiz kimi, əsas cəhəti yalnız az xərctutumlu olması deyil, həm də qeyri-adi formada, yaddaşlarda uzun müddət qalacaq, insanları heyrətə gətirə biləcək şəkildə təqdim oluna bilməsidir. Məsələn, stomatoloji xidmətlər təklif edən bir şirkətin Guerilla Marketing kampaniyası tək bir şəkildən ibarət idi. Lakin şəkilə diqqət yetirdikdə, kampaniyanın effektivliyinin gücünü dərhal anlayırıq.
Yuxarıda qeyd etdiklərimizdən əlavə olaraq, Gureilla Marketingin çox daha qeyri-adi formalarına misallar çəkə bilərik. Məsələn, “Blair Witch” layihəsi 1999-cu ilin yayında hədsiz ajiotaj yaratmış bir kampaniya ilə buna ən bariz nümunə ola bilər . Bu layihə barədə qısa izah gətirsək, eyniadlı filmə insanların toplaşmasını təmin etmək üçün, çox daha öncədən yalan bir əfsanə uydurulur və insanların hər vəchlə bu əfsanəyə inandırılması təmin edilir. Daha da irəli “gedərək”, əfsanəyə görə “itmiş” insanların axtarışa verilməsi, daha sonra həmin “sirli”, “dəhşətli” hadisə ilə əlaqədar hətta bir videoyazının olduğu da “ortaya çıxarılaraq” insanlarda qorxu, həyəcan, təşvişlə paralel hədsiz maraq oyadılır. Beləliklə də, insanlar həmin hadisənin təfərrüatlarını öyrənməkdən ötrü film zallarına axışınca, ağıllarına belə gəlmir ki, baş verənlərin hamısı sadəcə filmin məşhurlaşmasını və biletlərin satışının ağlasığmaz dərəcədə artımına nail olmağı hədəfləyən bir Guerilla Marketing kampaniyası idi.
Bu da onu göstərir ki, Guerilla Marketing bəzən çox mərhəmətsiz olaraq, insanların emosional vəziyyətinə dəyə biləcək ziyanları nəzərə almaya bilir.
Bu növ Guerilla Marketingə daha bir misal olaraq, küçədən azyaşlı uşaqların, müxtəlif fobiyaları olan həssas insanların da keçdiyini düşünməyərək, qorxu filmlərinin reklamının həyata keçirilməsidir. Məsələn “Bypass” qorxu filminin reklamı olaraq, şəffaf görüntüsü olan bir maşında, hamının gözü önündə, kənardan süni olduğu belə anlaşılmayan bir insan bədəninin üzərində əməliyyat keçirən həkimlər, qan və s.-dən ibarət görüntüləri əks etdirən bir kampaniya başladılır .
Yenə də digər bir qorxu filminə bilet satışlarını artırmaq üçün isə, mərkəzi küçələrdən birində qanşəkilli fəvvarələr axıdılır.
Azərbaycanda Guerillla Marketingin flaş-mob kimi maarifləndirici növlərindən daha çox istifadə olunub ki, bunlara da bir neçə nümunə gətirə bilərik. Məsələn, piyadaların piyada keçidindən rahat keçməsi üçün kifayət qədər vaxtlarının olmasını göstərən, bunu sürücülərə aşılayan bir kampaniya yerli əhali və turistlər tərəfindən çox maraqla qarşılanmışdı.
Buna bənzər olaraq, digər maarifləndirici, sosial flaş-moblar da keçirilmişdir ki, bunlara müxtəlif iri ticarət mərkəzlərində Daun sindromlu şəxslərin, fiziki məhdudiyyətli uşaqların rəqslərini, çıxışlarını və s.göstərmək olar.
Son olaraq, ötən illərdə rayonlarımızdan birində baş verən qandonduran cinayət hadisəsinin tam oxşarının bir detektiv yazarın əsərində öz təsvirini tapmasını qeyd etmək istərdik. Kitabın az qala hər alıcısı tanıdıqlarına “müəllif yüz faiz həmin cinayətdən yazıb, mütləq sən də oxu” deməsi, düşünün, kitab satışlarına nə qədər təsir etdi.
Sadaladığımız üsulların hamısı ürəkaçan olmasa da, insanlar tərəfindən birmənalı qarşılanmasa da Guerilla Marketinqinin gətirdiyi üstünlüklər təbii ki, çoxdur və gün-gündən daha da artmaqdadır.
Amerikanın reklam sektorunda “Guerilla Marketing” 1960-cı ildən istifadə edilməyə başlanılıb. Termin olaraq isə Cey Konrad Levinsonun 1984-cü ildə yazdığı “Gerilla Marketing” kitabı ilə populyarlaşmışdır. Amma bu o demək deyil ki, o zamana qədər bu marketinq növündən istifadə edilməmişdir. Sadəcə Cey Konrad Levinson artıq buna bir ad verərək tarixə bu formada həkk etmişdir.